Qubadlı rayon Mərkəzi Kitabxanası

Qubadlı rayon MKS
Görkəmli şəxsiyyətlər
8 Aprel , 2016


  • Qaçaq Nəbi — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı

    XIX əsrdə Azərbaycanda məşhur kəndli hərəkatının başçısı, xalq qəhrəmanı Qaçaq Nəbi Alı oğlu təqribən 1854-cü ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Aşağı Mollu kəndində anadan olmuşdur. Yeddi nəfərdən ibarət ailəni atası çətinliklə dolandırırdı.
    Tarixi qaynaqlarda göstərildiyi kimi, Nəbi kiçik yaşlarında Şuşa şəhərində tacirlərin yanında nökərçilik etmişdir. Sonra atasının ölüm xəbərini alıb ailəyə başçılıq etmək üçün Mollu kəndinə qayıtmışdır. Az müddət sonra anası da vəfat edən Nəbinin ancaq özündən yaşca kiçik olan  qardaşı Mehdi və bacısı Zeynəb qalmışdı.  Mollu kəndinə qayıtdıqdan sonra Nəbi kənddə muzdurluq etməyə başlamışdır.
    Nəbi ata və anasının vəfatından sonra evlənmişdi. Onun arvadı Həcər Yuxarı Mollu kəndindən olan Molla Xanalının qızı idi.
    Nəbinin qaçaqçılıq fəaliyyətinə başlaması sosial ədalətsizliyə qarşı barışmaz münasibətindən irəli gəlsə də, onun dəfələrlə həbs olunması da bu işə xüsusi təkan vermişdir.

    Nəbinin qaçaqçılıq həyatı 1875 –ci ildən başlanmışdır. Kəndlilərdən dəstə düzəldən Nəbi Naxçıvan və Zəngəzur qəzalarında fəaliyyət göstərmiş, çar rejiminə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı mübarizə aparmışdır. Nəbinin arvadı, öz igidliyi və cəsarəti ilə şöhrət qazanmış Həcər onun ən yaxın silahdaşı olmuşdur.
    Bəylərə, çar məmurlarına, habelə tacir və sələmçilərə qarşı barışmaz düşmən olan Qaçaq Nəbi yoxsul kəndlilərin mənafeyini müdafiə edir, mülkədarların var-dövlətlərini əllərindən alaraq kasıblara paylayırdı.

    Yerli hakimiyyət qurumları, o cümlədən, Zəngəzur mahalının naçalniki Səlim bəy Rüstəmbəyov Nəbi ilə davada aciz olduğunu başa düşüb onun dəstəsinə nifaq salmaq üçün agentlərdən istifadə etmək qərarına gəlir. Səlim bəy öz niyyətini Naxçıvan naçalniki Slavaçinskiyə açır. Sonuncu isə Naxçıvanın Ordubad camaatından olub İranın Urmiya şəhərində ticarətlə məşğul olan Məşədi Paşa Hacı oğlunu bu işə cəlb edir. Məşədi Paşa bəy Nəbinin dəstəsindən olan Şah Hüseyni və Kərbalayı İmanı ələ alır, onlara böyük mükafatlar vəd edir. Özü də tez –tez Nəbinin yanına gedib-gəlir, ona dost münasibəti göstərir. Bir müddət sonra Məşədi Paşa Nəbini evinə qonaq çağırır. Qonaqlıqdan qayıdarkən gecə Şah Hüseyn və Kərbəlayi İman Nəbini İranla Türkiyənin sərhəddində yerləşən Larin kəndi yaxınlığında yolda öldürürlər.   Nəbi oradaca ölür. Bu 1896-cı il mart ayının 12-də gecə saat  2 idi.
    1897-ci ildə isə Qaçaq Nəbinin dəstəsi tamamilə dağıdılır. Qubadlı rayonunda Qaçaq Nəbinin abidəsi qoyulmuşdu,adına küçə vardı. Bakı şəhərində də  Qaçaq Nəbinin adını daşıyan küçə var. 


  • Qaçaq Həcər - Azərbaycan qaçaq hərəkatının igid iştirakçılarından biri olan Həcər  1860-cü ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Yuxarı Mollu kəndində anadan olmuşdur. Onun atası Molla Xanalı ortabab kəndli idi.

    Nəbi ilə Həcər Nəbinin valideynləri vəfat edəndən sonra evlənmişdilər. Ailələrin iqtisadi cəhətdən fərqli durumda olmaları bir-birini sevən iki gəncin ailə qurmasına mane ola bilməmişdir.
    Çar hökuməti və yerli məmurlar Nəbini ələ keçirmək üçün dəfələrlə Həcəri qazamata salsalar da, istəklərinə nail ola bilməmişlər. Sonradan Həcər də Nəbinin dəstəsinə qoşularaq onun ən yaxın silahdaşına çevrilmişdir.
    1894-cü ildə Nəbinin dəstəsi Cənubi Azərbaycandan Naxçıvana qayıdarkən  ehtiyat tədbiri olaraq Qaçaq Nəbi dəstəsini iki hissəyə bölmüş,  dəstənin birinə özü, digərinə isə Həcər başçılıq etmişdir.
    Həcərin qardaşı Məhəmməd Molla Xanalı oğlu da Nəbiyə qoşulub qaçaqçılıq edirdi. Lakin  o, hökumət tərəfindən tutulub 10 il katorqaya sürgün edilmiş, cəzasını çəkib qayıtmışdı.
    Həcər 1914-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində vəfat etmişdir. Onun qəbri Aşağı Mollu kəndində idi.
    Xalq öz qəhrəman qızının igidliyini vəsf edən mahnılar qoşmuş, “Qaçaq Nəbi” dastanında ona xüsusi yer ayrılmışdır.
    Qubadlı rayonunda Qaçaq Həcərin abidəsi qoyulmuşdu.


  • Rəhimov Süleyman Hüseyn oğlu — azərbaycanlı yazıçı, nasir.

    Süleyman Rəhimov 1900-cü ilin oktyabrında Zəngəzur mahalının Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. Sonralar texnikum və ali məktəb bitirmişdir. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır.
    1928-ci ilin payızında Bakıya gələrək ADU-nun tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir.
    Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o, 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir.
    Süleyman Rəhimov 1939-1940,1944-1946 və 1954-1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Süleyman Rəhimov müxtəlif yüksək vəzifələrdə də çalışıb. Laçın, Samux, Şahbuz və Noraşendə rayon partiya komitələrinin katibi olub. Müharibədən sonra Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif Komitəsinin sədri işləyib  (1934-1937). Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində çalışmışdır. 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olaraq Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl qələm» mükafatına (1972) layiq görülmüşdür. Üç dəfə Lenin orleni (1946, 1970, 1975), «Qırmızı Əmək Bayrağı» (1959), «Şərəf nişanı» (1942) ordenləri və medallarla təltif edilmişdir.
    1960-cı ildə xalq yazıçısı, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adları alıb.
    1983-cü il oktyabrın 11-də vəfat etmişdir.
    Əsərləri
    Şamo (I,II c. 1931, 1940), Saçlı (1944), Ata və oğul (1949), Mehman (1953), Ana və abidəsi (1967), Mahtəvan (1968), Seçilmiş əsərləri (üç cilddə, 1968-1981), Ağbulaq dağlarında, Medalyon, Ötən günlər dəftərindən, Qafqaz qartalı, Qoşqar qızı, Aynalı, Qardaş qəbri, Su pərisi, Uğundu, Tülkü və şir, Ləpirlər, Qara torpaq və s.

  • İsgəndərov Məmməd Əbdül oğlu — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri.

    Məmməd İsgəndərov 1915-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlib. M. İsgəndərov 1929-cu ildə Bakıya gələrək Sabir adına Pedaqoji məktəbədaxil olub və Xanlıq kənd orta məktəbində bir müddət dərs dedikdən sonra 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunda mühəndis-geoloq ixtisasına yiyələnərək, neft mədənlərinin birində işə düzəlib. 1953-cü ildə Lenin RPK-nın 1-ci katibi seçilib. 1959-cu ildə Nazirlər Sovetinin sədri təyin olunub. 1961-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri seçilib. İki çağırış (1961-1969-cu illər) ali qanunverici orqana başçılıq edib. O həm də elm sahəsində böyük nailliyətlər qazanıb. 1956-cı ildə "Neft-mədən geologiyası və neft-qaz yataqlarının işlənməsi" adlı əsərini çap etdirərək geologiya-mineralogiya elmləri doktoru elmi adına layiq görülüb. 1970-ci ildə Dərinlik qazma elmi-tədqiqat İnstitutuna direktor təyin edilib və ömrünün sonuna qədər burada işləyib. 1985-ci ildə, 70 yaşında dünyasını dəyişib.

  •  Yusif bəy Sultanzadə -mətbuat fədaisi
  • Ağayev Eldar Baxış oğlu -  şair. 

     Eldar Baxış 1947-ci il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Diləli Müskanlı kəndində kəndli ailəsində doğulmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə onbirillik məktəbi bitirib ADU-nun tarix fakültəsində təhsil almışdır (1965-1969).
    Bakı kəndlərində müəllimlik etmiş,Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor (1972-1988), televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru (1988-1990) vəzifələrində çalışmışdır."Səs" və "Nəfəs" qəzetlərini yaratmış, "Səs" qəzetinin baş redaktoru olmuşdur (1990-1992). Yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik yaradıcılıq birliyinin ictimai-siyasi şöbəsinin müdiri işləmişdir (1992-1993). Radionun bilgi və uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur (1993-cü ildən).
    "Köynək" adlı ilk şeiri 1966-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Vladivostokda keçirilən Umumittifaq poeziya festivalında iştirak etmişdir (1985). Qardaş xalqlar ədəbiyyatından seçmə nümunələri Azərbaycan dilinə çevirmişdir.
    Kukla teatrı onun "Məlikməhəmməd" pyesini səhnələşdirmişdir (1982). Bu pyes Mərdəkan xalq teatrı aktyorlarının ifasında Praqada tamaşaya qoyulmuşdur. Eyni zamanda xalq teatrlarına Tbilisidə keçirilən Ümumittifaq baxışında yüksək mükafata layiq görülmüşdür."Azərbaycan" jurnalında çap etdirdiyi "Qaravun dərənin dükançası" (1981) onun ilk nəsr əsəridir.Özbəkistanın ürək dostları klubunun fəxri üzvü seçilmişdir (1992).
    1996-cı il mayın 22-də Bakıda vəfat etmişdir

  • Kərimov Nuşirəvan Molla Kərim bəy oğlu- Molla Nəsrəddin  jurnalının Zəngilan və Qubadlı bölgələri üzrə təmsilçisi, şair,pedaqoq. 
Nuşirəvan Kərimov 1898-ci ildə Zəngəzur mahalının Qarakilsə bölgəsinin (indiki Sisian) Sofulu kəndində məşhur bəy ailəsində anadan olmuşdur. Doğulduğu kənd onların ailəsinin yaylaq yeri, dağın o üzündəki Xocamsaxlı kəndi (Qubadlının kəndi) isə qışlaq idi. Nuşirəvanın babası Molla Səfi Zəngəzurda tanınmış adam olub. O, yalnız mollalıqla deyil, müəllimliklə də məşğul olubmuş. Dövrün özünəməxsusluğundan gələn ifadədir ki, savadlı insanları həm də "Molla" adlandırırmışlar. Nuşirəvan Kərimov da o dövrdə babası kimi "Molla" adlandırılıb. Nuşirəvan Kərimov 1931-ci ildə Şuşa Pedaqoji Texnikumunu bitirdikdən sonra Qubadlıya qayıdaraq Xocamsaxlıda ibtidai məktəbin açılmasına nail olub. O vaxta qədər bu kənddə məktəb olmayıb. Pedaqoji fəaliyyəti müxtəlif təltiflərə layiq görülüb. O, Azərbaycan SSR-nin əməkdar müəllimi olub, Lenin ordeni, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və medallarla, müxtəlif fəxri fərmanlarla təltif edilib. Nuşirəvan Kərimov "İstot" imzası ilə "Molla Nəsrəddin" jurnalında dərc olunarmış. Onun 30-cu illərdə jurnalın müxtəlif nömrələrində dərc edilmiş "Molla Lətif", "Ağlaşma", "Zəhmətkeşlərə" şeirləri, eləcə də "Aşıq" imzası ilə yazdığı "Yeni pir", "Fırıldaqçı molla" felyetonları eyni dəst-xətlə, eyni bölgədən yazıldığı bəllidir. Hətta kənddə məktəb binasının bərbad vəziyyəti ilə bağlı "Molla Nəsrəddin" jurnalında "Qubadlıdan" rubrikası ilə müxtəlif tapmacalar da verilmişdi ki, onun da müəllifi məhz Nuşirəvan Kərimov olduğu təsdiqlənib.
       
  • Qasımzadə Qasım Xansuvar oğlu-şair, tənqidçi,ədəbiyyatşünas,tərcüməçi.
Qasım Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olmuşdur. Şəki pedaqoji texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləmişdir. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1945-1950). Eyni zamanda "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947-1949) olmuşdur. Ədəbi fəaliyyətə 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı ilk şeiri ilə başlamışdır. Dövrü mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir. "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı (1950-1953), baş elmi işçi, "Ədəbiyyat və incəsənət" qəzetinin redaktoru (1957-1963) olmuşdur. Yenidən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutuna qayıtmış, burada baş elmi işçi (1963-1973), sovet ədəbiyyatı tarixi şöbəsinin müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına (1982) və bir medala layiq görülmüşdür. 1993-cü il iyulun 28-də vəfat etmişdir. “Bizim kənd”,  “Bizim dağlar”,  “Ürək döyüntüləri”,  “Son görü”  və s. əsərlərin müəllifidir.

  • Cavadov Cəlal Novruz oğlu (Cəlal Bərgüşad) — nasir, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü

Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kantuziya olduğuna görə tərxis edilmişdir (1943). Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VVAQ müdiri işləmişdir (1943-1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmiş, "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur (1951).
1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni (1986) və medallarla təltif edilmişdir.
1996-cı il iyulun 9-da vəfat etmişdir.
Bozatın belində, Gələcəyi yaradanlar (oçerklər), Təzə gəlin (hekayələr), Bozatın belində (tarixi roman), Sıyrılmış qılınc (tarixi roman) və s. əsərlərin müəllifidir

  • Heydərov Nəzər Heydər oğlu — dövlət xadimi

Nəzər Heydərov 1891-ci ildə Qubadlı rayonunun Gürcülü kəndində anadan olub. 1913-1918-ci illərdə “Balaxanı neft” mədənlərində işləmişdir. Azərbaycanın böyük dövlət xadimlərindən biri olan N. Heyudərov Qubadlı rayonunun inqilab komitəsinin, qəza partiya komitəsinin katibi və İcraiyyə Komitəsinin sədri, AK(b)P MK –nın məsul təlimatçısı, Ağdaş və Şuşa rayon İcraiyyə Komitəsinin sədri, eyni zamanda DQMV MİK –in sədr müavini olmuşdur. 1927-1928- ci illərdə Azərbaycan SSR Ali XTS-də məsul vəzifədə çalışmışdır. 1931- ci ildə Moskva Sənaye Akademiyasını eyni zamanda Neft institutunu bitirdikdən sonra 1949- cu ilə dək Azərbaycanda neft sənayesində, o cümlədən, “Əzizbəyov” trestinin müdiri, Azneft birliyinin rəisi və s. işləmişdir. 1949- 1954 -cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinin müavini, "Aznefttextəchizat" idarəsinin rəis müavini işləmişdir.
Nəzər Heydərov “Zəngəzur dağlarında ” kitabının müəllifidir. 1960 – cı ildə təqaüdə çıxmış, 30.12.1968-ci ildə Bakıda dünyasını dəyişmişdir.


  • Kamran Hüseynov — Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordeni laureatı. 

Tarix elmləri doktoru, professor Kamran Əsəd oğlu Hüseynov 15 dekabr 1913-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938-1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940-1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir. 1941-1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944-1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945-1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949-1952- ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952- 1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953-1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.Kamran Hüseynov 1958-1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961-1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi, 1968 - 1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1980-1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri işləmişdir.

Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdən idi. Onun dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində gördüyü işlər böyük bir dövrü əhatə edir. O, sıravi fəhləlikdən başlamış strateji əhəmiyyətli mühüm dövlət obyektlərinin tikilib istismara verilməsinə qədər çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, fədakarlıq və yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Azərbaycanda yeni yaşayış məntəqələrinin salınmasında, onların sənaye mərkəzlərinə çevrilərək inkişaf etməsində Kamran Hüseynovun xidmətləri təqdirəlayiqdir. Tutduğu vəzifələrdən, gördüyü işlərdən asılı olmayaraq, onun mövqeyi daim öz vətənpərvərlik ruhu ilə səciyyələnmişdir.
O, 1967- ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almışdır. Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatının fəal iştirakçısı kimi yaxşı tanınırdı. O, uzun illər Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərmişdir. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Bir sıra orden və medallara layiq görülmüş, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı - «Şöhrət» ordeni ilə təltif edilmişdir.
Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamran Əsəd oğlu Hüseynov 2006-cı il aprelin 20-də ömrünün 93-cü ilində vəfat etmişdir.


  • Rövşən Ramiz Məmmədəli oğlu  — şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi
Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı  rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb.Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978).Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib.1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada,Polşada,Bolqarıstanda,Türkiyədə və İranda çap olunub.
Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür 

  • Xəlilov Mübariz Sevdimalı oğlu — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, BDU-nun "Ümumi Riyaziyyat" kafedrasının dosenti.

Xəlilov Mübariz Sevdimalı oğlu 24 dekabr 1955-ci ildə Qubadlı rayonunda anadan olmuş, 1971-ci ildə Qubadlı qəsəbə orta məktəbini, 1975-ci ildə ADPU-nun riyaziyyat fakültəsini bitirmişdir.
1984-cü ildə "Meyl edən argumentli parametrik diferensial və integral tənliklərin tədgigi" mövzusunda namizədlik disertasiyası müdafiə edib fizika riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
1979-1993-cü illərdə AMEA-nın Mexanika və Riyazyyat İnstitunda işləməklə, 1979-1980-ci illərdə Moskva şəhəri Steklov adına Riyaziyyat İnstitutunda elmi ezamiyyətdə olmuşdur. 1980-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyası Mexanika və Riyaziyyat İnstitutunun aspiranturasında oxumuşdur. 1993-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Tətbiqi riyaziyyat kafedrasında dosent vəzifəsində işləmişdir. 1997-ci ildə BDU-nun "Ümumi Riyaziyyat" kafedrasının dosenti, 1998-1999-cu illərdə "Ümumi Riyaziyyat" kafedrasında kafedra müdiri əvəzi, 2000-ci ildən BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakultəsi ümumuniversitet "İnformatika" kafedrasinın mudiri vəzifəsində işləyir. Kompüter texnologiyası, informatika dərslərini aparır. 60-dan artıq məqalə, dərslik, dərs vəsaitinin müəllifidir Azərbaycan Respublikasi Təhsil nazirinin fəxri fərmani ilə təltif edilmişdir.

  • Adil Vəliyev — Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı.

Vəliyev Adil Ənvər oğlu 20 aprel 1960-cı ildə Qubadlı rayonunda anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 1980-1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib.

1990-1992-ci illərdə Nərimanov Rayon İcra Hakimiyyətində şöbə müdiri və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, 1992-1996-cı illərdə Bakı şəhər Xalq deputatları sovetində təlimatçı və şöbə müdiri, 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifələrində işləyib.

2003-2012-ci illər ərzində özü təsis etdiyi “Euro style” LTD şirkətində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.