Qubadlı rayon Mərkəzi Kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
15 Noyabr , 2019
Xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

Keçən əsrin axırlarında dünyanın altıdabirini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla Ümummilli Liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.

Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Bu münasibətlə Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xidmət Şöbəsində 15.11.2019 -cu il tarixində dəyirmi masa təşkil olundu. Tədbirdə Mərkəzi Kitabxananın direktoru Müşgünaz Muradova, Xidmət Şöbəsinin müdiri Akifə Sərməsova, metodist Məleykə Paşayeva çıxış edərək milli azadlıq hərakatımızın Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil olmasından danışdılar.